Tam yəqinliklə iman gətirməyə maneə: Bədəvi xarakteri

Qurani-kərimdə bədəvi xarakterinin din əxlaqına uyğun olmadığı hansı ayələrdə xəbər verilmişdir?

İman gətirən insanlar üçün yalnız bitkilər, heyvanlar, insanlar, yəni kainatdakı canlılar deyil, – maşından çaydana, iynədən nəhəng göydələnə qədər hər şey dərin düşünməyə səbəb olan iman həqiqətləridir. Həyata bu gözlə baxan insanlar səthi və düşüncəsiz xarakterdən uzaqlaşar və Allah’ın iznilə, dərin imana sahib olar. Bəzi insanlar isə müsəlmanların çəkindikləri səthi yaşamaqda qəbahət görmürlər. Bu insanlar həyatları boyunca Quranda qeyd edilən bədəvi xarakterinə bənzər xarakter göstərərək dünyada və axirətdə ziyana uğrayırlar.

İman gətirən insan üçün ətrafında mövcud olan hər şey Allah’ın varlığını göstərən iman həqiqətləridir. Yer üzündəki canlı-cansız bütün varlıqlar, həssas tərazlıqla bəzədilmiş kainatı və içindəki hər detalı Allah’ın yaratdığını bilən insan ətrafındakı baş verən hər şeyi buna görə dəyərləndirər. Yaradılış dəlilləri olaraq ağacların, çiçəklərin və ya heyvanların heyrətamiz xüsusiyyətləri haqqında düşünməz, Allah’ın həyatımızı daha da asanlaşdırmaq üçün yaratdığı nəqliyyat vasitələri, cib telefonu, elektron cihazlar, kompyuter də iman həqiqətidir. Bunların da Allah’ın diləməsi ilə var olduğunu bilər və işlərini yüngülləşdirmək üçün Allah’a şükür edər.

Ancaq bəzi insanlar izdihamlı şəhərlərin boğucu atmosferində özlərini qəlibləşmiş həyatın axışına qapdırdıqları üçün qarşılaşdıqları yaradılış dəlillərini görmürlər. Belə insanlar hadisələri qəlb gözləri ilə dəyərləndirmədikləri üçün çox səthi dünya görüşə malikdirlər. Bu səthi dünya görüşü zaman keçdikcə laqeyd, yeri gəldiyində kobud və düşüncəsiz insanların meydana gəlməsinə səbəb olur.


QURANDA BƏDƏVİLƏR

Uca Allah Quran-i kərimdə mənəvi dərinlik və qavrayışdan uzaq, sadəcə bəsit məntiqlərə sahib insanlara nümunə olaraq “bir qisim bədəvi”ləri göstərmişdir.

Bədəvilər Peyğəmbərimiz (s.ə.v) dövründə çöldə yaşayan köçəri qəbilələrdi. Şəhərli ərəblər ədəbiyyat və estetikaya sahib olduğu halda, bədəvilər cahil, sərt və kobud təbiətli insanlar idilər. Belə xarakter din əxlaqını tam anlamağa və yaşamağa böyük maneədir.

Allah Quranda bədəvilərin bu pis əxlaq xüsusiyyətlərini belə bildirmişdir:

Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allah’ın öz elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyillidirlər. Allah Biləndir, Müdrikdir. (Tovbə surəsi, 97)


Bəsitlik səbəbi ilə formalaşan bədəvi xarakterinin əsas xüsusiyyətləri nədir?

Köçəri həyat sürən bədəvilər itaətsizliyə və sərhəd tanımamağa meyilli idilər. Peyğəmbərimiz (s.ə.v) kimi mübarək insanı birbaşa tanımalarına, söhbətlərində iştirak etmələrinə, Onun təbliğlərinə şahid olmalarına baxmayaraq, bədəvilərin əksəriyyəti özlərini inkişaf etdirməmiş, kobud və bəsit xarakterdə qalmışdılar.

Bədəvi xarakterli insanlar bir çox şeyi qavraya bilmir, Quranda buyrulduğu kimi, incə düşüncəli ola bilmirdilər. Məsələn, bir qismi Peyğəmbərimizə (s.ə.v) otaqlarının arxasından səslənirdilər, Onun söhbətlərində səslərini yüksəldir, guya önə keçməyə cəhd edirdilər. Allah “Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti (nə etdiklərini) anlamırlar. Sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı...” (Hucurat surəsi, 4-5) ayələri ilə onların bu hərəkətlərinin səhv olduğunu bildirmişdir.

Kobud düşüncə tərzinə sahib olduqları üçün Peyğəmbərimizin (s.ə.v) üstün əxlaqını, yüksək vicdanını, səbrini, anlayışını təqdir edə bilmir, ədəbdən anlamırdılar. Allahın sevdiyi və seçdiyi mübarək peyğəmbərlə eyni dövrdə yaşamağın, onu görməyin, tanımağın nə qədər böyük nemət olduğunu dərk edə bilmirdilər.

Allah Peyğəmbərimizin (s.ə.v) yanında danışaraq irəli çıxmağa cəhd edən, səslərini ucaldaraq danışan kobud və nəzakətsiz insanların bu çirkin hərəkətlərlə bağlı bəzi ayələr endirmiş və bu insanları əməllərinin puç olacağını xatırladaraq xəbərdar etmişdir.

Ey iman gətirənlər! (Heç bir şeydə) Allah’ı və Onun Elçisini qabaqlamayın. Allah’dan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. (Hucurat surəsi, 1-2)

Quranda verilən “bədəvi xarakteri” cəhaləti, düşüncəsizliyi, kobudluğu təmsil edir. Bu xarakteri düzəltmək üçün insanlar mədəni, dərin düşünən, Allah’ın yaratmasındakı üstün sənəti və hikmətləri qavraya bilən vəziyyətə gəlmək üçün cəhd etməlidirlər. İman həqiqətlərini öyrənmək, araşdırmaq, düşünmək və şərh etmək Allah’ın bizdən istədiyi əxlaqın təməlidir.

Bir ayədə müsəlmanın bu xüsusiyyəti belə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)


BƏDƏVİ XÜSUSİYYƏTİNİN DÖVRÜMÜZDƏKİ NÜMUNƏLƏRİ

İstər keçmişdə, istərsə də dövrümüzdə bədəvi xarakterli insanlar Allah’ın Quranda bildirdiyi və hz.Muhammədin (s.ə.v) həyatında ən gözəl nümunəsini gördüyümüz nəcib, keyfiyyətli və müasir müsəlman həyatını yaşamazlar. Zəif imanları, dar düşüncə üfüqləri, səthi ağılları ilə Quran əxlaqını həyatlarına tam tətbiq etməzlər. Qaranlıq ruh hallarını baxışları, danışıqları, əyləncə formaları, zarafat anlayışları, estetika və gözəllikdən anlamayan kobud və çirkin davranışları ilə üzə vururlar.

“Çöldə köçəri yaşayan insan” kimi tanınan bədəvi xarakteri, əslində Quranda bildirilən və iman gətirənlərin özlərini çəkindirməli pis əxlaq xüsusiyyətlərinin ümumi adıdır. 21-ci əsrdə inkişaf etmiş şəhərlərdə yaşayan insanlar belə - xüsusən iman etməyənlərdətez-tez rast gəlinən və Quran əxlaqına tamamən zidd olan bədəvi xarakteri insanların yaşadıqları və ya malik olduqları statusla dəyişən bir şey deyildir. Quranda təsvir edilən gözəl əxlaqdan xəbərsiz hər kəsin göstərə biləcəyi bədəvi xarakteri insanların cəmiyyət daxilində ətrafındakıları narahat etmədən yaşamalarına imkan verməz.

Bədəvi xarakterli insanlar:

  • ağılsızdırlar, yaxşı-pis, səhv-doğru seçimi etmirlər,
  • fərasətsizdirlər, dərin düşünmək qabiliyyətləri yoxdur,
  • eqoist, qısqanc və duyğusuzdurlar,
  • insani xüsusiyyətləri inkişaf etməmişdir, estetikadan və gözəllikdən zövq almırlar,
  • qarşılarındakı insanlara hörmət bəsləmədikləri kimi, özlərinə də hörmət qoymazlar
  • bəzilərinin xarici görünüşü səliqəli kimi görünsə də, əslində çox kirli və tör-töküntü həyata malikdirlər. Mənəvi olaraq sahib olduqları pis əxlaq xüsusiyyətləri bədən və hərəkətlərinə də təsir edir,
  • qadına və uşağa dəyər verməyən, əsəbi, acgöz, kobud və mədəniyyətsiz hərəkət edirlər. Eyni zamanda, tamahkar və boşboğazdırlar.


Bütün sadalanan pis xüsusiyyətləri daşıyan bədəvi xarakterini Allah Quranda bildirmiş, insanları bu cür pis xüsusiyyətdən uzaq durmaq üçün xəbərdar etmişdir. Quranda bu şəkildə diqqət çəkilən və qətiyyətlə uzaq durulmalı bədəvi xarakterindən çəkinmək, hər müsəlmanın ehtiyatla yanaşmalı olduğu mövzudur.


Müsəlmanlar bədəvi əxlaqından uzaqdırlar

Bəsit insanların saydığımız hörmətsiz üslublarını saleh möminlərdə görmək mümkün deyil. Möminlərin gözəl əxlaqından nümunələr:

  • Allah’dan qorxan insanın danışıqlarında daima qarşı tərəfi rahatladan üslub və izahı olur,
  • Allah’a duyduğu qorxu səmimi və təvazökar davranmasına səbəb olur,
  • möminlər danışıqlarında anlaşılan və aydın ifadələrdən istifadə edirlər,
  • fikirlərini açıq ifadə edir, heç bir zaman hiss etdiklərini söyləmək üçün eyham yolunu seçmirlər,
  • qarşı tərəfdə hərəkətləri ilə şübhə və ya sıxıntı yaradacaq üslubdan qətiyyən istifadə etmirlər,
  • Vicdanlı, ağıllı və gözəl üslub sadəcə danışıqlarında deyil, hər cür hərəkət və düşüncələrində də özünü göstərir.


Möminlərin Peyğəmbərimizə göstərdikləri hörmətdə nə qədər həssas olduqları “Həqiqətən, Allah’ın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.” (Hucurat surəsi, 3) ayəsində də açıq şəkildə görünür.



Səthi xarakterə qəti həll

Kobud və səthi xarakter bütün rəftar və danışıqlarda əks olunması ilə yanaşı, əsas olaraq ruhda və düşüncədə yaşanan problemdir. Buna görə də, bundan xilas olmağın yolu rəftarlar üzərində tək-tək düşünüb bunların düzəldilməsi üsulu deyil. Belə vəziyyətdəki insan öyrəndiklərindən fərqli hadisə ilə qarşılaşdığında yenə eyni şəkildə davranacaq. Üstəlik bildiklərini də həyata keçirməkdə problemlər yaşayacaq. İnsanın dünyagörüşü və düşüncələri rəftarlarındaəks olunur. Məntiqini anlamadığı, kifayət qədər başa düşə bilmədiyi bir şeyi həyata keçirməkdə də çətinlik çəkir. Bunun həlli sanıldığı qədər vaxt alan, çətin ya da mürəkkəb deyil, əksinə çox asandır.

Çıxış yolu Allah’dan lazımınca qorxmaq və Quran əxlaqını yaşamaq üçün səmimi niyyət etməkdir. Allah’a iman edən və Quran əxlaqını həyata keçirən hər insan bəsit xarakter yaşamaqdan xilas olar. Allah’dan haqqı ilə qorxub çəkinməsi, hər an, hər yerdə vicdanla hərəkət etməsi onu səthi düşünməkdən, səthi hərəkət etməkdən tamamilə çəkindirər. Belə insan nəfsinə tabe olmaqdan çəkinər və Allah’ın “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms surəsi, 9-10) ayələrində diqqət çəkdiyi kimi nəfsini pislikdən çəkindirməyə cəhd edir. Bu xarakterdən xilas olmağın yolu insanın fitrətinə uyğun tək əxlaq olan Quran əxlaqını yaşamasıdır. Bütün qəlbi və ruhu ilə Allah’a təslim olmağa qərar vermiş, Onun razı olacağına ümid edilən formada yaşamağa, əvvəlki davranışlarından tamamamilə uzaqlaşmağa və özünü təzələməyə niyyət edən insan bu xüsusiyyətlərdən Allah’ın iznilə, tamamilə xilas ola bilər.