Möminlər axirətə qəti iman gətirirlər

 Əslində, (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin, Biz axirətə inananla ona şəkk edəni ayırd etmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Səba surəsi,21)

Bildiyimiz bütün anlayışları Allah yaradır və biz bunları ancaq Allah’ın bizə icazə verdiyi qədər qavraya bilirik. Allah isə hər şeyə sahibdir. Məsələn, insan ancaq Allah icazə verdiyi qədər ağıl və zəkaya sahib ola bilir. Ancaq Allah insan ağlının dərk etməyəcəyi sonsuz ağıla sahibdir. İnsan Allah’ın ona bəxş etdiyi şəfqətə, mərhəmətə, bağışlayıcılığa malikdir, Allah isə sonsuz şəfqətlidir. Allah’ın bu sonsuz şəfqəti bütün kainata və yaratdıqlarına hakimdir. Allah’ın sonsuz mərhəməti xırda bir qum dənəsindən yükünü daşıyan bir qarışqanın ayaqlarına, dağların heybətindən kainatın genişliyinə qədər hər şeyi əhatə etmişdir. İnsan isə Allah’ın izn verdiyi qədər bu detalları görüb fərqinə vararkən, Allah hər an yaratdığı canlı-cansız bütün incəliklərə hakimdir. Çünki bunların hamısının yaradıcısı Allah’dır.

Okeanların dibində heç kimin xəbəri olmadan bir balığın etdiyi manevrdən kosmosdakı qara dəliyin yaranma anına, dünya liderlərinin iclaslarda verdikləri qərarlardan bu yazının yer aldığı internet saytına, hər kəs və hər şey Allah’ın mütləq sonsuz nəzarəti altındadır. Deyilənləri nəzərə alaraq insanın bu həqiqət haqqında düşünməsi çox vacibdir:

Sonsuz ağıl və yaratma gücü ilə dünyanı yaradıb belə möhtəşəm şəkildə beynimizin içində hiss kimi bizə göstərən uca Rəbbimiz axirət həyatını da mükəmməl şəkildə yaratma gücünə malikdir. Allah dünyanı bir çox hikmətlə qüsurlu və müvəqqəti yaradarkən, sonsuz axirətdə qüsursuz cənnət həyatı yaradacaq.

İnsan üçün yox olmaq deyə bir şey yoxdur. Sonsuz həyat yaradıldığımız andan etibarən başlayıb. Bu an sonsuz həyatın içindəyik. İmtahanımızın sonunda-ölüm dediyimiz keçid anının sonunda yeni yaradılışla yaşamağa davam edəcəyik. İnsanın bu həyatının əzabla, yaxud nemətlər içində keçirəcəyi dünya həyatında Allah’ın sözü olan Quranı həyatında tətbiq etməsinə bağlıdır. Allah insanı bir məqsədlə yaratdığını, bu dünyadakı qısa həyatından sonra axirətdə Özünə hesab verəcəyini belə bildirir:

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)

Allah’ın təxminən 60-70 il kimi bir “an”dan fərqi olmayan olan qısa dünya həyatının əvəzində sonsuz həyat vəd etməsi çox böyük nemətdir. İman və Allah’ın razılığını axtarmaqla insanın dünyada yaşayacağı hüzurlu, gözəl həyatın əvəzində Allah’ın sonsuz gözəlliklərlə dolu cənnəti vəd etməsi Onun lütfündəndir.

Allah Quranda axirət həyatını bizə belə bildirir:

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Nəhl surəsi, 41)

Axirət həyatı Allahın sonsuz nemətlərinin yanında Onun sonsuz ədalətinin təcəlli etməsi baxımından da vacibdir. İnsanların dünyada etdikləri hər şeyin əvəzinin verildiyi yer -ədalətin qüsursuz olaraq tətbiq edildiyi, mərhəmətinin də qat-qat təcəlli etdiyi axirət olacaqdır. Bir ayədə axirətdə təcəlli edən bu mütləq ədalət belə ifadə edilir:

...De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”. (Nisa surəsi, 77)

İnsanların bir çoxu öldükdən sonra yox olacağına və yaşadıqları bütün həyatın dünyadan ibarət olduğuna inanırlar. Ölümlə birlikdə sonsuz olan axirət həyatının başladığına inanmazlar. Allah dünyadakı hər şeyi və hər kəsi sonlu yaratmışdır və dünyadakı hər şey ölümə məhkumdur. Ancaq ölümlə birlikdə başlayacaq əbədi axirət həyatı - cənnət və cəhənnəm başlayacaq. Ölüm son deyil, sonsuz həyata keçid anıdır. Axirət Allah’ın bizə vəd etdiyi və qəti olaraq baş verəcək müjdədir.

Müsəlman Allah’a və axirətə dərin hörmət bəsləyir. Bu hörmət üslubuna, söylədiyi sözlərə, göstərdiyi əxlaqa, həyat tərzinə, vicdanına, üz ifadəsinə və həyatının hər mərhələsinə təsir edir. Verdiyi qərarda, atdığı hər addımda axirətin varlığından və Allaha hesab verəcəyindən qəti şəkildə əmin olmağın səmimiyyətini yaşayır.